Məxfilik Siyasəti

Bu Məxfilik Siyasəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və SİNAM şirkəti (bundan sonra Sistem təminatçısı) tərəfindən birgə yaradılan Elektron resept sistemi və mobil tətbiqindən (bundan sonra eResept) istifadə zamanı fərdi məlumatların toplanması, emalı və mühafizəsi qaydalarını müəyyən edir.

Sistem fərdi məlumatların təhlükəsizliyinə təminat verir və onların işlənməsini Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olaraq həyata keçirir.

1. Toplanan Məlumatlar

Sistemin xidmətlərindən istifadə zamanı yalnız zəruri funksionallığın təmin edilməsi məqsədilə aşağıdakı məlumatlar işlənir:

  • İdentifikasiya və əlaqə məlumatları: Fərdi İdentifikasiya Nömrəsi (FİN), ad, soyad və əlaqə vasitələri;
  • Xidmət məlumatları: Xidmətin göstərilməsi üçün zəruri olan elektron resept və tibbi təyinat məlumatları;
  • Texniki və audit parametrləri: Sistemin stabil fəaliyyətini təmin edən cihaz növü, əməliyyat jurnalları və IP ünvanı.

2. Məlumatların İşlənmə Məqsədləri

Fərdi və tibbi məlumatlar aşağıdakı məqsədlər üçün toplanır və işlənir:

  • Elektron reseptlərin yazılması, rəsmiləşdirilməsi, izlənməsi və apteklərdə düzgün icrasının təmin edilməsi;
  • İstifadəçinin şəxsiyyətinin təsdiqi və sistemə təhlükəsiz girişin təşkili (o cümlədən vahid giriş sistemləri vasitəsilə);
  • Vətəndaşlara onlara təyin edilmiş reseptləri real vaxt rejimində görmək və istifadə tarixçəsini yoxlamaq imkanının yaradılması;
  • Dərman vasitələrinin dövriyyəsinə nəzarət, eyni tərkibli preparatların təkrarlanması və təhlükəsizlik qaydalarının monitorinqi;
  • Sistemin texniki sabitliyinin, kiber təhlükəsizliyinin təmin olunması və qanunsuz müdaxilələrin qarşısının alınması.

3. Məlumatların Paylaşılması və Üçüncü Tərəflərə Ötürülməsi

İstifadəçilərin fərdi məlumatları heç bir halda kommersiya, reklam və ya marketinq məqsədləri üçün istifadə edilmir və üçüncü şəxslərə satılmır.

Məlumatlar yalnız aşağıdakı subyektlərlə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə paylaşıla bilər:

  • Səlahiyyətli tibb işçiləri və tibb müəssisələri: Müalicə prosesinin təşkili və reseptin rəsmiləşdirilməsi məqsədilə;
  • Aptek təşkilatları və əczaçılar: Resept nömrəsi və ya FİN əsasında dərman preparatının buraxılışını icra etmək üçün zəruri olan həcmdə;
  • Dövlət orqanları: Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmuş hallarda, səlahiyyətli dövlət orqanlarının rəsmi və əsaslandırılmış sorğuları əsasında;
  • İnteqrasiya olunmuş dövlət informasiya ehtiyatları: Vahid səhiyyə və identifikasiya infrastrukturları çərçivəsində məlumat mübadiləsi üçün.

4. Məlumatların Təhlükəsizliyi və Saxlanması

  1. İnfrastruktur və Məkan: Bütün verilənlər bazası və serverlər Azərbaycan Respublikasının ərazisində yerləşən, sertifikatlaşdırılmış və qorunan məlumat mərkəzlərində (Hökumət Buludu / G-Cloud infrastrukturunda) saxlanılır.
  2. Kriptoqrafik mühafizə: Məlumatların ötürülməsi zamanı müasir şifrələmə protokollarından (SSL/TLS) istifadə olunur.
  3. Girişə nəzarət: Məlumatlara çıxış yalnız xidməti zərurəti olan, autentifikasiyadan keçmiş səlahiyyətli şəxslərlə məhdudlaşdırılır və bütün hərəkətlər jurnallarda (log) qeydə alınır.
  4. Saxlanma müddəti: Resept və sağlamlıq məlumatları səhiyyə sahəsində sənədlərin saxlanması üzrə qanunvericiliklə müəyyən edilmiş arxivləşdirmə müddətlərinə uyğun olaraq qorunur.

5. Cihaz İcazələri

Mobil tətbiqin funksionallığını təmin etmək üçün cihazdan aşağıdakı icazələr tələb oluna bilər:

  • Bildirişlər (Push Notifications): Yeni resept yazıldıqda, status dəyişdikdə və ya sistem yenilikləri olduqda xəbərdarlıq etmək üçün;
  • Kamera: Resept üzərindəki QR kodun və ya barkodun oxunması məqsədilə (istifadəçi tərəfindən icazə verildikdə);
  • İnternet bağlantısı: Məlumatların mərkəzi serverlə təhlükəsiz sinxronizasiyası üçün.

6. Dəyişikliklər və Yenilənmələr

Bu siyasətə zamanla zəruri redaktələr və dəyişikliklər edilə bilər. Yenilənmiş mətn rəsmi internet səhifəsində və ya tətbiqdə yayımlandığı tarixdən etibarən hüquqi cəhətdən qüvvədə hesab edilir.